İDMAN
Kişi həndbolçuların Azərbaycan çempionatında daha altı qarşılaşma keçirilib
Bakı, 28 noyabr, AZƏRTAC
Kişi həndbolçuların Azərbaycan çempionatında daha altı qarşılaşma keçirilib.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə meydançaya “Bakı” və “Dinamo” komandaları çıxıblar.
Fasiləyə 15:13 hesablı üstünlüklə yollanan son çempion təşəbbüsü qoruya bilməyib. Baş mükafata iddialı olan “dinamoçular” vəziyyəti dəyişməyi bacarıblar. Rəqibin yüksək əzmkarlığına baxmayaraq, görüş “Dinamo”nun qələbəsi ilə başa çatıb - 28:26.
Çempionata inamla başlayan “Məhsul” komandası RİOEUGİM kollektivi ilə oyunda ciddi müqavimətlə üzləşməyib. Qarşılaşma “Məhsul”un 43:20 hesablı qələbəsi ilə nəticələnib.
U-16-nı sınağa çəkən “İdman Akademiyası” isə böyük hesabla qələbə qazanıb - 49:18.
“Dinamo” və “Bakı” komandalarının dördüncü turdakı görüşü də maraqla gözlənilirdi. Bu oyunda da daha inamlı təsir bağışlayan “Dinamo” 31:23 hesabı ilə qalib gəlib.
Turun “Məhsul” - RİOEUGİM qarşılaşması 32:24, “İdman Akademiyası” - U-16 görüşü isə 55:20 hesabı ilə nəticələnib.