İDMAN
Kişi və qadınlardan ibarət həndbol komandalarımız məşqlərə başlayıblar
Bakı, 6 sentyabr, AZƏRTAC
Kişi və qadınlardan ibarət həndbol komandalarımız məşqlərə başlayıblar. Avropa Həndbol Federasiyası kuboku uğrunda yarışlarda iştirak edəcək təmsilçilərimiz avqustun 15-dən hazırlıq keçirlər.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, artıq qadınlardan ibarət komandaların oyunlarının vaxtı və keçiriləcək məkanlar müəyyənləşib. Yarışa 1/32 final mərhələsindən qatılacaq təmsilçilərimizdən “Azəryol” Bosniya və Hersoqovinanın “ZRK Krivaja” komandası ilə 30 sentyabr - 1 oktyabr tarixlərində rəqib meydanında görüşəcək.
“Qarabağ” da İspaniyanın “KH-7 BM Granollers” kollektivi ilə sentyabrın 30-u və oktyabrın 1-də səfərdə qarşılaşacaq.
“Kür” isə İtaliyanın “Jomi Salerno” komandası ilə 23-24 sentyabr tarixlərində Mingəçevir “Kür” Olimpiya İdman Mərkəzində üz-üzə gələcək.
İki oyunun nəticəsinə görə üstünlük qazanan komanda növbəti mərhələyə adlayacaq.
Qeyd edək ki, kişilərdən ibarət “Azəryol” I mərhələnin “Amber” (Litva) - “Brixen” (İtaliya) cütünün qalibinə rəqib olacaq. “Kür” isə Xorvatiyanın “MRK Sesvete” kollektivi ilə mübarizə aparacaq. İlk oyunlar oktyabrın 14-15-də, cavab matçları oktyabrın 21-22-də keçiriləcək.