KİTAB RƏFİ
MOSKVADA AZƏRBAYCAN KULİNARİYASI HAQQINDA KİTAB BURAXILMIŞDIR
Azərbaycan mətbəxinin tarixi çox qədimdir. Ölkəmizin bir çox rayonlarındakı qədim insan məskənlərində alimlər qab-qacaq və məişət əşyaları tapmışlar. Bu qeyri-adi əşyalar, Qobustan yazıları kimi, xalqımızın özünəməxsus etnoqrafik ensiklopediyasıdır.
Azərbaycanın iqlim xəritəsi çox maraqlıdır. Burada eyni vaxtda ilin dörd fəslini müşahidə etmək olar – rütubətli subtropiklər Şahdağın və Murovdağın əbədi buzlaqları ilə qonşudur, İsmayıllının, Kəlbəcərin, Laçının sərin meşələrindən əsən, Lənkəranın çay və sitrus plantasiyalarının ətrinə qarışan sərin meh Abşeronun quru gilavarı ilə birləşir. Mətbəximizin ləziz nemətləri barədə məlumatlara qədim İpək Yolunun yolçuları olmuş səyahətçilərin, tarixçilərin əsərlərində də rast gəlinir.
Azərbaycan xalqının tarixi Qafqazdakı qonşu xalqlarla sıx bağlıdır. Zəngin mətbəximizin təkrarolunmaz nümunələri qonşu xalqlar tərəfindən də hazırlanır. Yalançı erməni təbliğatı nəticəsində bəzən televiziya verilişlərində, bədii filmlərdə, kulinariya nəşrlərində mətbəximizin ləziz nümunələri digər xalqların, o cümlədən ermənilərin adına çıxılır. Belə qeyri-obyektiv informasiya Azərbaycanın qədim mədəniyyəti barədə təhrif olunmuş təsəvvür yaradır.
Hazırda dünyanın bir çox ölkələrində Azərbaycan mətbəxi restoranlarında təklif olunan yeməklər, o cümlədən plovlar, - ölkəmizdə plovun hazırlanmasının 40-a qədər resepti var, - dolma, piti, dovğa, ləvəngi, kabablar və başqaları ağzının dadını bilənlərin ürəyincədir. Bol süfrələrimizin bəzəyi olan çay isə Azərbaycanda qonaqpərvərlik, xoş münasibət, ünsiyyət rəmzidir.
Azərbaycan kulinariyası barədə geniş təsəvvür yaradan bu cür kitablar həm mətbəxdə yaxın köməkçi, həm də yaxşı hədiyyədir.