KİYEVDƏ GUAM ÖLKƏLƏRİ XARİCİ İŞLƏR NAZİRLƏRİ ŞURASININ İCLASI KEÇİRİLMİŞDİR
Görüşdə bildirilmişdir ki, Xarici İşlər Nazirləri Şurasının indiki iclası və GUAM-ın növbəti sammiti bu ölkələrin GUAM formatında əməkdaşlığa başladığı vaxtdan dalbadal 10-cu ildir keçirilir və yubiley tədbirləridir. Bu illər ərzində təşkilatın iştirakçısı olan dövlətlər əməkdaşlığın daha yüksək formasına – GUAM-ın tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi formasına yaxınlaşmışlar. Tərəflər vurğulamışlar ki, bu, özünün varlığı və fəaliyyəti ilə regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə kömək göstərən qurum kimi GUAM-ın həyat qabiliyyətli və perspektivli olduğunu təsdiqləmişdir.
Nazirlər dövlət başçılarının zirvə görüşünə hazırlığın vəziyyətini müzakirə etmiş, 2006-cı ilin sonunadək GUAM-ın iş proqramını, 2006-cı ildə BMT çərçivəsində GUAM dövlətlərinin fəaliyyət planını, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq sahəsində GUAM dövlətlərinin fəaliyyət planını, ticarətin və nəqletmənin dəstəklənməsi üzrə GUAM layihəsinin rəhbər komitəsinin katibliyi haqqında əsasnamənin təsdiqlənməsinə dair qərarı, habelə diplomatiya sahəsində müəllimlərin hazırlanmasına dair xarici işlər nazirlikləri arasında sazişi razılaşdırmışlar.
Həmin gün Kiyevdə GUAM ölkələrinin iqtisadiyyat, energetika, nəqliyyat nazirləri, gömrük xidmətlərinin, sərhəd idarələrinin rəhbərləri səviyyəsində bir neçə iclas da keçirilmişdir. GUAM ölkələrinin ticarət palatalarının sədrləri və hüquq mühafizə orqanlarının rəhbərləri səviyyəsində də iclaslar olacaqdır.
Azərbaycan tərəfi bütün iclaslarda təmsil edilir.