İDMAN
KLİÇKO QARDAŞLARI İTİRİLMİŞ MÖVQEYİ QAYTARMAQ ƏZMİNDƏDİRLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, ağır çəkili peşəkar boksçular arasında dünya çempionu Vitali Kliçko sağlamlığı ilə əlaqədar titula iddiaçı Həşim Rəhmanla görüşdən imtina etməsindən və Ümumdünya Boks Federasiyasının (WBC) qərarı ilə bu titulundan məhrum olunmasından heç də məyus deyildir. O, peşəkar boksdan tamamilə uzaqlaşmayacağını, gələcəkdə var qüvvəsini, bacarıq və təcrübəsini istedadlı qardaşı Vladimirin yüksək titulun geri qaytarılması görüşlərinə hazırlanmasına sərf edəcəyini bəyan etmişdir.
Vitali Kliçko bu barədə “Die Welt” qəzetinə verdiyi açıqlamada demişdir: “Qardaş qardaşın arxası və dayağı olmalıdır. Biz – Kliçko qardaşları bunu həyatda, məişətdə və rinqdə sübut etmişik. Kiçik qardaşım əldən verdiyimiz dünya çempionu titulunu ən yaxın gələcəkdə Kliçkolar ailəsinə geri qaytara bilər. Vladimirin bunun üçün potensial imkanları vardır”.