Kolbasa və sosislərin istehsalında bir sıra qanun pozuntuları aşkar edilmişdir
Bakı, 2 noyabr (AZƏRTAC). Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti fiziki şəxs Malik Tahirova məxsus istehsalat sahəsində yoxlama aparmışdır.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yoxlama zamanı kolbasa və sosislərin istehsalında bir sıra qanun pozuntuları aşkar edilmişdir. Belə ki, normativ-texniki sənədlərin tələblərinə əsasən, halal məhsulların istehsalında istifadə olunan avadanlıq, vasitələr və istehsal xətləri yalnız halal qida üçün istifadə oluna bilər. Lakin yoxlama zamanı müəssisədə “Ocaq” və “İveriya” adlı “Halal” sosislərin tərkibində donuz piyi olan məhsulların istehsalında istifadə edilmiş avadanlıqda istehsal olunduğu müəyyən edilmişdir. Bundan başqa, istehsal olunan məhsulların markalanmasında digər təsərrüfat subyektinə məxsus “Best Beef” əmtəə nişanından qanunsuz istifadə edildiyi müəyyən olunmuşdur.
Eyni zamanda, məhsulların istehsalında camış ətindən istifadə edildiyi halda, etiketlərdə bu barədə məlumat verilmədiyi, məhsulun tərkibi, saxlanma şəraiti, enerji və qida dəyəri barədə düzgün olmayan məlumatlar verildiyi, habelə kolbasa və sosislərin texnoloji təlimat olmadan istehsal olunduğu aşkar edilmişdir.
Araşdırma davam etdirilir.