Kollegiya sədri: Tələbələr məhkəmə təcrübəsini dərindən təhliletmə imkanı qazanırlar
Bakı, 9 fevral, Günel Türksoy, AZƏRTAC
Müasir hüquqşünas problemin mahiyyətini müəyyənləşdirmək, informasiyanı axtarmaq, emal və istifadə etmək, işi müxtəlif hüquqi və faktiki aspektlərdən qiymətləndirmək, qərar vermək və alternativlər arasında seçim aparmaq, mövqeyini arqumentlərlə əsaslandırmaq və təqdim etmək kimi əsas bacarıqlara malik olmalıdır.
Nəticə olaraq, yaddaşa əsaslanan öyrənmə tamamilə inkar edilməməlidir, lakin o, məqsəd yox, vasitə olmalıdır. Hüquq təhsilinin gələcəyi normanı əzbərləyən deyil, normanı anlayan və tətbiq edən hüquqşünas yetişdirməkdən keçir.
Bunu AZƏRTAC-a açıqlamasında Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə Hüquq Şurasının üzvü Sənan Hacıyev deyib.
Sənan Hacıyev hesab edir ki, hüquq təhsili, elm və məhkəmə təcrübəsi mütəmadi olaraq qarşılıqlı sürətdə fəaliyyət göstərməlidir: “Belə ki, bu əlaqələr hər bir sahənin ayrı-ayrılıqda inkişafına mühüm töhfəyə səbəb olacaq. Hüquq fakültələri mütləq şəkildə formalaşmış məhkəmə təcrübəsinin (xüsusən təcrübənin vahidliyini müəyyən edən məhkəmə qərarlarını, Plenum qərarlarını – Şəxsiyyət hüquqlarının müdafiəsi qərarı) öyrənməli, elmi və nəzəri baxımdan onun təhlilini həyata keçirilməli, habelə zəruri hallarda öz tənqidi münasibətini hüquq etikasını gözləmək şərti ilə bildirməlidir. Son illər hakimlərimizin Hüquq fakültələrində tədrisə cəlb olunmaları bu sahədə ciddi inkişafa səbəb olub. Belə ki, tələbələr birbaşa hakimlərlə ünsiyyətdə olmaqla məhkəmə təcrübəsini dərindən təhliletmə imkanı qazanırlar. Hüquq elminin də əslində təcrübədən kənar şəkildə inkişafı arzuolunmazdır. Belə ki, bir çox hallarda təcrübi baxımdan heç bir əhəmiyyəti olmayan elmi araşdırmaların aparılması, məqalələrin və elmi əsərlərin yazılması faydasız olur. Təəssüf ki, uzun illər biz bu qopmanın şahidi olmuşuq, lakin son illər universitetlərlə Ali Məhkəmənin əməkdaşlığının güclənməsi elmi araşdırma mövzularının seçimində birgə məsləhətləşmələrin aparılması öz mühüm töhfəsini verir. Eyni zamanda, tədris materiallarının, dərsliklərin hazırlanmasında məhkəmə təcrübəsindən istifadə olunması, arzuladığımız hüquq təhsilinin əldə olunmasına da ciddi təsir etmiş olar”.
Kollegiya sədri qeyd edib ki, məhkəmə təcrübəsi də öz növbəsində nəzəriyyədən faydalanır və elmin inkişafında maraqlıdır: “Belə ki, sürətlə inkişaf edən ictimai münasibətlər, texnologiyaların tətbiqi müvafiq qanunvericilik aktlarının qəbul olunmadığı halda bu sahəyə dair mübahisələrin həlli zamanı elmi-nəzəri yanaşmalara və məqalələrə böyük zərurət yaranır. Elmin və təhsilin məhkəmə təcrübəsini öyrənməsi məhkəmə sisteminin də bir tərəfdən məsuliyyətini artırır, qərarların keyfiyyətinə də öz mühüm təsirini göstərir”.