Kolumbiyada sualtı qayıqda 3 tondan çox kokain ələ keçirilib
Bakı, 7 oktyabr, AZƏRTAC
Kolumbiya Hərbi Dəniz Qüvvələri cümə axşamı Sakit okeanda sualtı qayıqda 3 tondan çox kokain ələ keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Hərbi Dəniz Qüvvələri məlumat yayıb. Sualtı qayıqda narkotik vasitələrin daşınmasına ayrılan 170 milyon ABŞ dolları da aşkarlanıb.
Qeyd edək ki, bu ilin mayında da Kolumbiya tarixində uzunluğu 30, eni 3 metr olan narkosualtı qayıq ələ keçirilib. Gəmidə təxminən 3 tona yaxın narkotik vasitə olub. Qayıq Mərkəzi Amerikaya gedərkən ələ keçirilib. Bu, Kolumbiyada 1993-cü ildən bəri saxlanılan ən böyük sualtı qayıqdır.
Otuz il ərzində Kolumbiya Hərbi Dəniz Qüvvələri Sakit okeandan ABŞ-a gedən və ya Avropaya daşınması üçün Atlantik okeanını keçərək gedən tonlarla narkotik vasitənin olduğu 228 gəmini ələ keçirib.