Kolumbiyalı nazir müavini: Azərbaycanın təcrübələri bizə ideyalar verə bilər
Bakı, 20 may, AZƏRTAC
Kolumbiyanın mənzil, şəhər və ərazi nazirinin müavini Aydee Marsiqliya Beyo Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda həyata keçirdiyi “Ağıllı şəhər” və bərpaolunan enerji layihələrini son dərəcə maraqlı sayır.
Bu barədə o, AZƏRTAC-a eksklüziv müsahibəsində bildirib.
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək üçün Bakıda səfərdə olan nazir müavini daha sonra deyib: “Çünki bu, sıfırdan, eyni zamanda təmiz, bərpaolunan enerji əsasında qurulan bir planlaşdırmadır. Məsələn, bizim ölkə üçün bu, çox maraqlı bir təcrübədir. Çünki Kolumbiyada hazırda enerji keçidi məsələsini müzakirə etmək istəyirik. Qazıntı yanacaqlarından imtina edib təmiz və bərpaolunan enerji mənbələrinə keçmək istəyirik. Bu baxımdan, burada həyata keçirilən təcrübələr bizə yeni ideyalar verə bilər. Təəssüf ki, Kolumbiyanın sizin etdiyiniz investisiyaları həyata keçirmək üçün kifayət qədər resursları yoxdur. Amma bu layihələrin münaqişə qurbanlarına yönəlməsi çox maraqlıdır. Biz də uzun illər davam edən müharibədən çıxmışıq və 2016-cı ildə sülh sazişi imzalamışıq. Sülh sazişini imzalayan şəxslərin yaşayış məsələləri ilə bağlı oxşar təcrübə mövcuddur. Yəni keçmiş gerilla döyüşçüləri (Kolumbiyada üsyançı qruplar – red.) sülh sazişi çərçivəsində xüsusi zonalara köçürülmələri barədə razılığa gəlmişdilər. Bu təcrübələr bizə də müəyyən ideyalar verə bilər və gələcəkdə qarşılıqlı təcrübə mübadiləsi aparmaq mümkündür. Çünki biz hesab edirik ki, burada əsas məsələ yalnız urbanistika deyil, həm də kompleks yanaşmadır. Yəni söhbət təkcə yaşayış evlərindən getmir. Hesab edirəm ki, bu layihələr çox maraqlıdır. Biz onların icra prosesini izləməyə davam edəcəyik və gələcəkdə təcrübə mübadiləsi aparmaq çox maraqlı olar”.
Müəllif – Ləman Məmmədova