Nazir müavini: Ölkəmizdə plastik mənşəli tullantıların idarə olunmasında ciddi irəliləyişlər əldə edilib
Bakı, 20 may, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı” çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində ölkəmizdə plastik mənşəli tullantıların idarəolunmasında ciddi irəliləyişlər əldə olunub.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə "Plastik çirklənmə ilə mübarizə: Yaşamaq üçün uyğun şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" mövzusunda keçirilən tədbirdə deyib.
Qeyd olunub ki, tullantılarının çeşidlənməsi və təkrar emalı üçün müəssisələrin yaradılmasının dəstəklənməsi və bu sahəyə yerli və xarici investisiyalar cəlb edilməsinin təşviqi ilə yanaşı, plastik qablaşdırma istehsalçıları ilə mütəmadi görüşlər keçirilir, sağlam dövlət-sahibkar platformasının formalaşdırılması nəticəsində istehsalçıların və istehlakçıların plastik tullantıların idarəedilməsinə olan münasibəti dəyişməkdədir.
“Plastik qablaşdırmanı əvəz edən alternativ qablaşdırmalardan istifadə, plastik mənşəli tullantıların mənfi ekoloji təsirlərinin azaldılması və resurslardan daha səmərəli istifadəni təşviq etmək məqsədilə plastik qablaşdırma vasitələrindən istifadə sahəsində qabaqcıl ölkələrin qanunvericilik bazasının təhlili aparılır və ölkə üzrə qanunvericilik bazası təkmilləşdirilir. Sosial öhdəlikləri və korporativ məsuliyyətləri nəzərə alaraq özəl sektorun alternativ qablaşdırmalara marağı artıb. Artıq bu istiqamətdə müəssisələr və ayrı-ayrı fiziki şəxslər tərəfindən kağız torba istehsalına başlanılıb. Eyni zamanda, plastik torbaların istifadəsinin məhdudlaşdırılması, təkrar emalın təşviqi, ictimaiyyətin maarifləndirilməsi və qanunvericilik bazasının gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Bundan əlavə, ölkəmizdə polietilen torbaların istifadəsinin azaldılması məqsədilə 2021-ci ildən etibarən nazik plastik torbaların ödənişli olması tətbiq edilir ki, bu da onların istehlakının azalmasına və alternativ ekoloji təmiz məhsulların istifadəsinin artmasına səbəb olub. Dövlət-özəl tərəfdaşlığı çərçivəsində regionlarda müasir tullantıların çeşidlənməsi və təkrar emalı müəssisələrinin qurulması işlərinə başlanılıb, bu da plastik tullantıların effektiv idarə olunmasına şərait yaradır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi beynəlxalq təşkilatlarla və bu sahədə qabaqcıl ölkələrlə sıx əməkdaşlıq edərək, plastik tullantıların idarə olunması sahəsində qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqi ilə bağlı fəaliyyətlər mütəmadi icra olunub", - deyə V.Kərimov qeyd edib.