Novosibirskdə azərbaycanlı alim Rifat Hüseynovun xatirəsi yad edilib
Moskva, 20 may, AZƏRTAC
Novosibirsk Dövlət Memarlıq və İnşaat Universitetində (Sibstrin) Rusiyanın Əməkdar iqtisadçısı, professor Rifat Hüseynovun anadan olmasının 80 illiyinə həsr edilmiş II beynəlxalq elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Novosibirsk Dövlət Memarlıq və İnşaat Universitetinin rektoru Yuri Skoluboviç konfrans iştirakçılarına salamlama nitqi ilə müraciət edib. O, professor Rifat Hüseynovun elmi irsinin qorunması və inkişaf etdirilməsi üçün forumun tədbirin vurğulayıb, onun iqtisadi nəzəriyyəyə və tarixi-iqtisadi təhlilə verdiyi töhfələri qeyd edib.
Plenar iclas çərçivəsində iqtisad elmləri doktoru, professor Mixail Çernyakov, iqtisad elmləri namizədi, dosent Kamal Əkbərov və iqtisad elmləri namizədi, dosent Müşfiq Ağababayev alimin həyat yolu və elmi fəaliyyəti haqqında təqdimatlarla çıxış ediblər. İştirakçılar Rifat Hüseynovun yaratdığı elmi-pedaqoji məktəbin rolunu, onun Sibirdə və ondan kənarda iqtisadi düşüncənin inkişafına və mütəxəssislərin hazırlanmasına təsirini qeyd ediblər.
Rifat Hüseynov (1946–2012) Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti – red.) bitirib, M.V.Lomonosov adına Moskva Dövlət Universitetində aspiranturada, daha sonra isə Sov.İKP MK yanında Sosial Elmlər Akademiyasında doktoranturada təhsil alıb. O, Novosibirsk İqtisadi Nəzəriyyə və Tarixi-İqtisadi Təhlil Elmi-Pedaqoji Məktəbinin təsisçisi olub.
“Rusiya iqtisadiyyatının tarixi”, “Dünya iqtisadiyyatının tarixi: Qərb – Şərq – Rusiya” və “İqtisadi nəzəriyyə” kimi mühüm dərsliklər də daxil olmaqla 300-dən çox elmi işin müəllifi olan Rifat Hüseynov iqtisad elminin inkişafına mühüm töhfələr verib. Onun elmi işləri Rusiya, ABŞ, Almaniya və Çində nəşr olunub.
Rusiya Prezidentinin 2004-cü il 20 avqust tarixli fərmanı ilə Rifat Hüseynova “Rusiya Federasiyasının Əməkdar iqtisadçısı” fəxri adı verilib.