Milli Məclisdə Latviya ilə şəhərsalma və regional inkişaf sahəsində əməkdaşlıq istiqamətləri təqdim edilib
Bakı, 20 may, AZƏRTAC
Mayın 20-də Milli Məclisdə Latviya Yerli Hakimiyyətlər Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) əhəmiyyəti, şəhərsalma və regional inkişaf sahəsində beynəlxalq əməkdaşlıq, yerli özünüidarəetmə sahəsində təcrübə mübadiləsi məsələləri barədə fikir mübadiləsi aparılıb.
Milli Məclisin Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov WUF13 vasitəsilə Bakının qlobal urbanizasiya gündəliyinə mühüm töhfə verdiyini qeyd edib. Diqqətə çatdırıb ki, Azərbaycan ilə Latviya arasında mövcud dostluq münasibətləri parlament ölçüsündə də uğurla inkişaf edir.
Sonra Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Latviya Yerli Hakimiyyətlər Assosiasiyasının sədri Gints Kaminskis, Riqa şəhərinin vitse-meri Maris Sprincuks, Yekapbils şəhərinin meri Raivis Raqainis çıxış edərək, urban inkişaf sahəsində beynəlxalq tərəfdaşlıq, Azərbaycan ilə Latviya arasında yerli özünüidarəetmə sahəsində əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüblər.
Görüşdə bələdiyyələrin birləşməsi yolu ilə konsolidasiyası, yerli özünüidarəetmənin səmərəliliyinin artırılması, bələdiyyələrin gəlirlərinin optimallaşdırılması, regionların balanslı inkişafının təmin edilməsi, əhali məskunlaşması və demoqrafik proseslərin yerli özünüidarəetməyə təsiri, mərkəzlərlə periferiyalar arasında bələdiyyə xidmətlərinin əlçatanlığı məsələləri ətrafında müzakirələr aparılıb.