Vüqar Kərimov: Texnologiyanın sürətli inkişafı plastik tullantıların idarəolunmasında yeni imkanlar yaradır
Bakı, 20 may, AZƏRTAC
Plastik tullantıların effektiv idarəedilməsi prosesində dövlət qurumları ilə yanaşı, özəl sektor, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti də mühüm rol oynayır.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə "Plastik çirklənmə ilə mübarizə: Yaşamaq üçün uyğun şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" mövzusunda keçirilən tədbirdə deyib.
Nazir müavini bildirib ki, şirkətlərin korporativ sosial məsuliyyət çərçivəsində ekoloji layihələrə dəstək verməsi, istehsal proseslərində ekoloji təmiz texnologiyaların tətbiqi və tullantıların azaldılması istiqamətində addımlar atması vacibdir. Bu baxımdan qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutlarının ekoloji maarifləndirmə işində fəal iştirakı önəmlidir.
"Müasir dövrdə texnologiyanın sürətli inkişafı plastik tullantıların idarəolunmasında yeni imkanlar yaradır. Bu sahədə elmi tədqiqatların aparılması, yeni idarəetmə texnologiyalarının və innovativ həllərin inkişaf etdirilməsi üçün əvəzsiz rol oynayır.
İnnovativ təkrar emal texnologiyaları vasitəsilə plastik tullantıların təkrar emalının səmərəliliyi artırılır. Plastik məhsulların əvəzinə bioloji parçalanan materialların istifadəsi ətraf mühitə mənfi təsirləri azalda bilər. Tullantıların yığılması və idarəolunmasında rəqəmsal platformaların istifadəsi bu sahədə prosesin səmərəliliyini artırır. Əhali arasında ekoloji şüurun artırılması və plastik tullantıların azaldılması üçün maarifləndirmə və təhsil proqramları çox vacibdir. Məktəb və universitetlərdə gənc nəslin ekoloji təhsili gələcəkdə ekoloji problemlərə daha həssas yanaşan cəmiyyətin formalaşmasına kömək edir", - deyə V.Kərimov vurğulayıb.