“Baku Book Center”də “Möcüzə adlı övladım” kitabı təqdim olunub
Bakı, 20 may, AZƏRTAC
“Baku Book Center”də yazıçı Aynur Kamilqızının “Möcüzə adlı övladım” kitabının təqdimatı və gənc rəssam Fuad Musayevin “Qarabağ Xatunu” adlı rəsm sərgisi keçirilib.
AZƏRTAC xəbər verir ki, kitabın müəllifi Aynur Kamilqızı əsərin çətinliklərə baxmayaraq eşitmə və nitq məhdudiyyəti olan övladının həyatda öz yerini tapmasına yardım edən ananın həyat hekayəsinə həsr olunduğunu bildirib. Əsərdə ana sevgisinin gücü, inam və övladın gələcəyi naminə aparılan fədakar mübarizə əksini tapıb.
Tədbirdə çıxış edənlər xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstəyin vacibliyindən, inklüziv cəmiyyətin inkişaf etdirilməsinin zəruriliyindən, həmçinin kitabın sosial və mənəvi mesaj baxımından əhəmiyyətindən danışıblar.
“Baku Book Center”in rəhbəri, yazıçı-publisist və Azərbaycan Yazıçılar Birliyinin üzvü Günel Rzayeva belə layihələrin cəmiyyət üçün əhəmiyyətini vurğulayıb.
Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova “məhdudiyyət” sözünün mahiyyəti tam əks etdirmədiyini qeyd edib.
“Daha düzgün ifadə “xüsusi uşaq”dır. Çünki bu, çətinlik deyil, bir hədiyyədir”, – deyə o bildirib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov vurğulayıb ki, dövlət xüsusi qayğıya ehtiyacı olan uşaqlara özəl diqqət göstərir və onlar üçün geniş imkanlar yaradır.
Jurnalist Natavan Bayramova kitabla bağlı təəssüratlarını bölüşərək qeyd edib ki, müəllif Aynur Kamilqızı övladı üçün əsl işıq və dayaq mənbəyinə çevrilə bilib.
Xalq rəssamı, professor Arif Hüseynov bildirib ki, yaradıcı insanlar hisslərini incəsənət vasitəsilə ifadə edirlər və Fuad kimi gənc rəssamlar Qarabağın mədəni dirçəlişinə töhfə verəcəklər.
Tədbir çərçivəsində A.Kamilqızı qonaqlara avtoqraflı kitablar hədiyyə edib. Daha sonra qonaqlar Qarabağın ruhunu, Azərbaycan qadınının obrazını və milli dəyərləri əks etdirən əsərlərin nümayiş olunduğu “Qarabağ Xatunu” sərgisi ilə tanış olublar.
Tədbirin sonunda bədii proqram təqdim olunub, Azərbaycanın milli musiqiləri səsləndirilib.