WUF13-ün polşalı iştirakçıları Lənkəranda
Lənkəran ilə Lublin şəhərləri arasında qardaşlıq əlaqələri yaradıla bilər
Lənkəran, 20 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Polşa nümayəndə heyəti Lənkərana gəlib. Heyətin tərkibində Lublin şəhər meriyasının Strategiya və investorlara əlaqələr departamentinin direktoru Maius Şaqan, Uniyov şəhərinin nümayəndələri Damian Kaczmarek və İreneuz Szczesin, eləcə də Polşa-Azərbaycan Assosiasiyasının təmsilçisi Aleksandra Tomaşevska yer alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşdə Lənkəran ilə Lublin şəhərləri arasında qardaşlıq əlaqələrinin yaradılması perspektivləri müzakirə olunub.
Görüş zamanı Taleh Qaraşov Azərbaycan ilə Polşa arasında dostluq və əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb. O, qonaqlara Lənkəranın tarixi, coğrafi mövqeyi, ictimai-siyasi həyatı və sosial-iqtisadi inkişafı barədə ətraflı məlumat verib.
Polşalı qonaqlar Azərbaycanın son illərdə sürətli inkişaf yolunda inamla irəlilədiyini qeyd ediblər. Onlar Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasəti yüksək qiymətləndirərək, Azərbaycan ilə Polşa arasında mövcud olan dostluq münasibətlərinin şəhərlərarası əməkdaşlıq səviyyəsində də genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Lublin şəhər meriyasının Strategiya və investorlara əlaqələr departamentinin direktoru Maius Şaqan bildirib ki, Lublin və Lənkəran arasında mədəni, turizm, kənd təsərrüfatı və təhsil sahələrində qarşılıqlı əlaqələrin qurulmasında daha çox maraqlıdırlar və bu istiqamətdə əməkdaşlığın qurulması, əlaqələrin inkişaf etdirilməsi perspektivləri böyükdür.
Səfər çərçivəsində polşalı qonaqlar Lənkəran rayonunun zəngin təbiəti, turizm məkanları və tarixi abidələri ilə yaxından tanış olublar.
Müxbir - İlkin Adıyev