Dünya Bankı ilə energetika sahəsində bir neçə istiqamət üzrə əməkdaşlıq imkanları dəyərləndirilib
Bakı, 20 may, AZƏRTAC
Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazov və Dünya Bankı Qrupunun infrastruktur üzrə vitse-prezidenti Valeri Levkovun iştirakı ilə görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüşdə bərpaolunan enerji, elektrik şəbəkələrinin modernləşdirilməsi, enerji səmərəliliyi və regional enerji bağlantıları sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Azərbaycan ilə Dünya Bankı arasında karbohidrogenlərdən başlayaraq bərpaolunan enerji layihələrinədək müxtəlif istiqamətlər üzrə uğurlu əməkdaşlığın formalaşdığı və bunun gələcək illərdə daha da genişləndirilməsi üçün böyük potensialın mövcudluğu qeyd edilib. Bildirilib ki, Azərbaycanın bərpaolunan enerji sahəsində qısa müddətdə əldə etdiyi nəticələr enerji sektorunda həyata keçirilən islahatların mühüm göstəricisidir. Azərbaycanın enerji sahəsində həyata keçirdiyi proqramların, xüsusilə ötürücü şəbəkənin gücləndirilməsi, regional enerji inteqrasiyası və enerji səmərəliliyi istiqamətində görülən işlərin böyük əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, son illərdə qlobal enerji sektorunda əsas çağırışlardan biri ötürücü şəbəkələrin dayanıqlılığı və bərpaolunan enerji güclərinin sistemə inteqrasiyasıdır. Bu baxımdan Azərbaycanın ötürücü şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər düzgün və strateji yanaşma kimi qiymətləndirilib. Bərpaolunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasının təmin edilməsi məqsədilə ötürücü şəbəkənin gücləndirilməsi (AZURE) layihəsi çərçivəsində həyata keçirilən işlər nəzərdən keçirilib.
Görüş zamanı Azərbaycanın regional enerji bağlantıları üzrə təşəbbüsləri xüsusi diqqət mərkəzində olub. Qara dəniz və Şərqi Avropa istiqamətində Yaşıl Enerji Dəhlizi layihəsi üzrə texniki-iqtisadi əsaslandırma işlərinin gedişatı barədə məlumat verilib. Bununla yanaşı, Azərbaycan - Mərkəzi Asiya, eləcə də Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan interkonnektor layihələri üzrə aparılan işlər müzakirə olunub. Xəzər regionundan Naxçıvan və Türkiyə istiqamətində ötürücü xətt layihəsinin də icra mərhələsində olduğu diqqətə çatdırılıb.
Həmçinin Dünya Bankı ilə ESCO modeli əsasında enerji səmərəliliyi layihələrinin həyata keçirilməsi üzrə əməkdaşlıq imkanları da dəyərləndirilib. Bildirilib ki, dövlət vəsaiti olmadan özəl sektorun enerji qənaəti hesabına gəlir əldə etdiyi bu model Azərbaycan üçün də faydalı ola bilər.
Görüş zamanı dənizdə külək enerjisi layihələri, ağıllı şəbəkə texnologiyalarının tətbiqi və batareya enerji saxlama sistemləri (BESS) üzrə əməkdaşlıq məsələləri də müzakirə olunub. Dünya Bankı tərəfindən bu istiqamətlərdə Azərbaycana dəstək göstərməyə hazır olduqları ifadə edilib.