Vahid Hacıyev: İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və minatəmizləmə işləri aparılır
Bakı, 20 may, AZƏRTAC
Son 4 ildə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. İşğal dövründə yüz minlərlə insan öz doğma yurdlarından didərgin salınıb, yaşayış məskənləri, mədəni və dini abidələr dağıdılıb, bölgənin tarixi və mənəvi kimliyini məhv etməyə cəhd göstərilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev mayın 20-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Dirçəliş və urbisid: Dayanıqlı şəhərsalma və davamlı icmalar” adlı beynəlxalq panel sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma prosesində ən böyük çətinlik mina problemi olub. “ANAMA-nın yorulmaz fəaliyyəti nəticəsində minatəmizləmə işləri sürətləndirilib və təhlükəsiz yaşayış mühitinin formalaşdırılması istiqamətində mühüm addımlar atılıb", - deyə o qeyd edib.