KOMPYUTER KLAVİATURASI VƏ MAĞAZA ARABACIĞININ DƏSTƏYİ BAKTERİYA YUVALARIDIR
AZƏRTAC Avstraliyanın ABC agentliyinə istinadla xəbər verir ki, belə qənaətə Cənubi Koreyanın İstehlakçıların Hüquqlarını Müdafiə Bürosunun ekspertləri gəlmişlər. Onlar insanı gündəlik həyatda əhatə edən əşyaların bioloji cəhətdən çirkliliyini yoxlamışlar.
Araşdırmaların nəticələrinə görə, mağaza arabacığı dəstəyinin hər kvadrat santimetrində bakteriyaların orta hesabla 1100 koloniyası var. Bioloji cəhətdən təhlükəli əşyaların siyahısında ikinci yeri internet-kafelərdəki kompyuter “siçanları” tutur - hər 10 kvadrat santimetrə 690 koloniya.
Lakin çoxlarının iyrəndiyi ictimai ayaqyolu qapısının dəstəyi, əslində, düşünüldüyü qədər də qorxulu deyildir. Onun hər 10 kvadrat santimetrinə cəmi 340 koloniya düşür. Belə ki, kompyuter monitorlarının ekranında və xüsusən klaviaturasında və “siçan”larında bakteriyalar ictimai ayaqyolundakından 400 dəfə çoxdur.
Arizona Universitetinin (ABŞ) mikrobioloqu Çarlz Cerb bu fenomeni onunla izah edir ki, ofislərin böyük əksəriyyətində kompyuterlərin monitorları aylarla, hətta illərlə “yuyulmur” və onların klaviaturaları, “siçan”ları təmizlənmir. Bu bakteriyalar müxtəlif dəri, oftalmoloji və mədə-bağırsaq xəstəliklərinə səbəb olur. Ofislərdəki telefon aparatları, fakslar, kserokslar da sağlamlıq üçün az təhlükə yaratmır.