Könül Behbudova: Bizim haqq səsimizi, ədalət səsimizi bütün dünyaya çatdırsınlar
Şuşa, 5 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Ermənilər kütləvi məzarlıqlar haqqında məlumat vermirlər. Biz Ermənistan dövlətindən tələb edirik ki, itkinlərimiz haqqında məlumatı Azərbaycan tərəfinə versin. Biz, eyni zamanda, BMT-dən də xahiş edirik ki, bu problemə biganə qalmasın. Dünyada müharibələr zamanı itkin düşmüş şəxslərin analarına səslənirik. Bizim haqq səsimizi, ədalət səsimizi bütün dünyaya çatdırsınlar.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında itkin düşmüş şəxslərin ailə üzvlərinin Şuşaya səfəri zamanı "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin sədri Könül Behbudova deyib.
Qardaşının Birinci Qarabağ müharibəsində itkin düşdüyünü vurğulayan K.Behbudova bildirib ki, Şuşada tapılan kütləvi məzarlığı ziyarət etmək onlar üçün çox ağırdır. “Biz Şuşa həbsxanasını da ziyarət etdik. Hərbçilərimizə burada çox əziyyətlər verilib. Bunu tapılan kütləvi məzarlıqlardan da görmək olur, onların hansı işgəncə ilə öldürüldüyünə şahid oluruq”, - deyə o bildirib.
BMT-yə müraciət etdiklərini, ancaq müraciətə hələ də cavab verilmədiyini vurğulayan K.Behbudova deyib: “Beynəlxalq Qırmızı Xaç Komitəsi də ötən 30 ildə bizim itkinlərimiz haqqında heç bir məlumat verməyib. Biz haqlı tələbimizi onlara çatdırırıq. 30 ildə itkinlərimizin başına gətirilən və onların sonrakı taleləri haqqında məlumat verməyi tələb edirik”.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin ailə üzvləri Şuşaya səfər edib. Səfər zamanı Şuşada aşkarlanan kütləvi məzarlıq ziyarət olunub. Səfərdə 50-yə yaxın itkin ailələrin üzvləri iştirak edib.
Xatırladaq ki, “Qarabağ itkin ailələri” İctimai Birliyi Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət edib. Müraciətdə Ermənistana itkin düşmüş şəxslərlə bağlı məlumatları təcili açıqlamaq, kütləvi məzarlıqların yerlərini təqdim etmək çağırışı olunur. Həmçinin BMT-nin itkin düşmüş şəxslər üzrə xüsusi məruzəçisi institutunun yaradılması və hələ də taleyi məlum olmayan itkin şəxslərlə bağlı problemlərin həll edilməsi üçün müraciət ünvanlanıb.
Bu il avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkar olunub. Ümumilikdə isə işğaldan azad edilən ərazilərdə indiyədək Ağdam rayonunun Sarıcalı, Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndlərində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində kütləvi məzarlıqlar aşkarlanıb.