ELM VƏ TƏHSİL
“Konvergent xəbər istehsalı” adlı yeni dərs vəsaiti nəşr olunub
Bakı, 27 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının müəllimi, yeni media üzrə mütəxəssis, filologiya üzrə fəlsəfə doktoru Leyla Rəşid qızı Məmmədovanın “Konvergent xəbər istehsalı” adlı dərs vəsaiti çap olunub.
Nəşrin müəllifi AZƏRTAC-a bildirib ki, dərs vəsaiti Azərbaycanda media konvergensiya sahəsində nəşr olunan ilk kitabdır. Nəşr universal jurnalistlərin yaradıcılıq imkanlarının genişlənməsi, peşəkarlıq axtarışlarını zənginləşməsi, konvergent redaksiyaların fəaliyyət mexanizminin yaradılması, konvergent jurnalistin iş prinsipləri, informasiyanın istehsalında yeni hibrid multimedia janrlarının tətbiq edilməsi üçün baza rolunu oynayır. Beynəlxalq media və təhsil sahələrində faktiki olaraq, konvergensiya, süni intellekt, immersiv texnologiya müasir jurnalist təhsilinin təlim innovativ modelinin hazırlanmasında aparıcı faktordur. Bu baxımdan nəşrin nəzəri-praktik əhəmiyyəti böyükdür.
“Konvergent xəbər istehsalı” dərs vəsaitinin nəşrində əsas məqsəd media kommunikasiya sahəsində, jurnalistikada və jurnalistin fəaliyyətində baş verən konvergensiya prosesinin nəzəri əsaslarını izah etmək, konvergent jurnalistikada peşəkar fəaliyyət üçün biliklər verməkdir. Həmçinin multimedia formatları haqqında təsəvvürlərin yaradılması, konvergent xəbər istehsalında tələbənin nəzəri biliklərinin və praktiki bacarıqlarının formalaşdırılmasıdır. İnformasiya kommunikasiya texnologiyaları və onlardan praktiki istifadə bacarıqları, konvergent redaksiya heyətinin tərkibində işləməyi, universal jurnalistin fəaliyyət mexanizmini öyrətməkdir. Xəbər istehsalında çoxformatlı və çoxplatformalı yanaşmanın, Radio, TV, WEB və mobil platformalar üçün eyni məzmunlu kross media xəbərlərin çarpaz istehsalı və yayımının mənimsədilməsidir.
Kitab müəyyən bölmələr üzrə media kommunikasiyanın formaları, konvergent jurnalistikanın spesifikası, formatları və janrları; xəbərin əsas prinsipləri və konvergent xəbər istehsalının mərhələləri; konvergent redaksiyaların fəaliyyət mexanizmi; multimedia informasiya məhsullarının istehsal xüsusiyyətləri; çoxplatformalı və çoxformatlı məzmun; data jurnalistika, süni intellektə əsaslanan alqoritm (robot) xəbər, dron reportaj, mobil xəbər istehsalı, lonqrid xəbər hekayəsinin hazırlanması və s. mövzuları əhatə edir. Kitabda konvergent xəbər
istehsalında planlaşdırma, inkişaf və təhlil üsulları; immersiv və interaktiv xəbərlərin istehsal texnologiyası; informasiyanın vizuallaşdırılması mexanizmi; Lonqrid formatda multimedia hekayəsinin qurulması; data jurnalistika materialının hazırlanması; kross media xəbər istehsalı prosesi hərtərəfli işıqlandırılıb.
Dərs vəsaiti Jurnalistika fakültəsinin tələbələri və müxtəlif media subyektləri, o cümlədən çoxformatlı və çoxplatformalı məzmun hazırlayan konvergent jurnalistlər üçün nəzərdə tutulub. Nəşr konvergent xəbər istehsalı, kross media kontentin təşkilində nəzəri biliklərlə yanaşı, praktik vərdişlər üçün də faydalıdır.
Yaxın günlərdə kitabın ictimaiyyətə geniş təqdimatı gözlənilir.
Qeyd edək ki, nəşrin müəllifi Azərbaycanda media konvergensiya sahəsində ilk tədqiqatçı alimdir.