Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi təlim proqramı keçirir
Bakı, 4 noyabr, AZƏRTAC
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) təşkil edəcəyi “Azərbaycanda ərzaq məhsullarının tədarükü və təchizatı sisteminin təkmilləşdirilməsi” mövzusunda ölkə üzrə spesifik təlim proqramı noyabrın 4-13-də “Aqrar Tədarük və Təchizat” ASC-nin 16 rəsmisi üçün keçiriləcək.
KOICA-dan AZƏRTAC-a bildirilib ki, təlim proqramının keçirilməsi 3 il müddətinə planlaşdırılıb və bu, proqramın ikinci ilidir. Ötən il sözügedən təlim proqramı çərçivəsində iştirakçılar Koreya Respublikasına dəvət olunmuşdular. Lakin bu il COVID-19 pandemiyasının qlobal müstəvidə geniş vüsət alması və bundan irəli gələn profilaktik tədbirlər səbəbindən təlimin onlayn formatda keçirilməsinə qərar verilib. Təlim proqramının əsas məqsədləri ərzaq məhsullarının tədarükü və təchizatı sahəsində çalışan mütəxəssislərin kadr potensialının gücləndirilməsi və bu sahədə təkmilləşdirilmiş strategiyaların hazırlanmasıdır. Təlimin icraçısı Hankyonq Dövlət Universitetidir. Ongünlük təlim proqramı çərçivəsində iştirakçılar aqrar sahədə dəyər zənciri, məhsul yığımından sonra idarəetmə və aqrar məhsulların paylaşdırılması, qida təhlükəsizliyinin idarə edilməsi, qida brendlərinin satışı və digər mövzularla yaxından tanış olacaqlar. Proqram iştirakçıları bu sahədə ölkəmizdə cari vəziyyət, ərzaq məhsullarının tədarükü və təchizatı sahəsində görülən işləri özündə ehtiva edən hesabat hazırlayacaqlar. Bundan başqa, təlim proqramının iştirakçıları koreyalı professorların rəhbərliyi ilə fəaliyyət planı hazırlayacaqlar. Bu plan proqram iştirakçıları üçün ölkə hesabatında müəyyən edilmiş məsələlərin həlli yollarının tapılmasında əsas sənədlərdən biri olacaq.
Qeyd edək ki, KOICA inkişaf etməkdə olan ölkələr üçün qrant və əməkdaşlıq proqramlarını həyata keçirmək məqsədilə dövlət agentliyi olaraq 1991-ci ilin aprel ayında Koreya Respublikası Xarici İşlər Nazirliyinin nəzdində yaradılıb. KOICA 1994-cü ildən etibarən Azərbaycan dövlət rəsmiləri üçün müxtəlif təlim və təqaüd proqramları təşkil edir.