Koreya Respublikasındakı Olimpiya Kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib
Bakı, 7 fevral, AZƏRTAC
Koreya Respublikasının Pxençan şəhərində keçiriləcək XXIII Qış Olimpiya Oyunlarının Olimpiya Kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan yığmasının şef-demissionu Anar Bağırov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Milli Olimpiya Komitəsinin nümayəndəsi Həsənağa Rzayev və digər şəxslər iştirak ediblər.
Fevralın 9-da keçiriləcək Olimpiadanın açılış mərasimində bayraqdar funksiyasını Azərbaycanın təmsilçisi Patrik Braxner yerinə yetirəcək. O, slalom və böyük slalom yarışlarında mübarizə aparacaq. Atlet “Pxençan-2018”ə lisenziyanı müxtəlif yarışlarda topladığı xallar sayəsində qazanıb.
Koreya Respublikasında Qış Olimpiya Oyunları fevralın 25-də başa çatacaq.
Xatırladaq ki, ölkəmiz 1998-ci ildən bəri Qış olimpiadalarında təmsil olunur.