ELM VƏ TƏHSİL
Kosmik hava durumu və proqnozu
Bakı, 4 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib. Bildirilib ki, Günəşin fəallığı artıb. Günəş ləkələrinin sayı artaraq, 6 ləkə qrupu və 77 ləkə müşahidə olunur. Günəş küləyinin sürəti artaraq 743 km/san qeydə alınıb. Hazırda Günəş küləyinin sürəti 431 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 4 nT, radial istiqamətdə isə -2 nT təşkil edir.
Sentyabrın 4-dən 11-dək C sinif alışmanın baş verməsi ehtimalı 75 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 5 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1 faiz təşkil edir. Enerjisi 2 MeV-dən çox olan elektron selinin yüksək səviyyələrə qalxacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır.
Sentyabrın 4-dən 6-dək TKA-nın və müsbət qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə Günəş küləyinin öz sürətini saxlayacağı gözlənilir. Geomaqnit sahəsinin tac dəliklərindən çıxan yüksəksürətli zərrəciklər selinin təsiri ilə sentyabrın 6-dək qeyri-sabit və aktiv səviyyələrdə olacağı proqnozlaşdırılır. Əgər Yerə istiqamətlənmiş TKA-nın da təsiri əlavə olunarsa, yenidən geomaqnit qasırğasının başvermə ehtimalı var.