İDMAN
Kosta-Rika millisi dünya çempionatında ilk qələbəsini qazanıb
Bakı, 27 noyabr, AZƏRTAC
Kosta-Rika millisi Qətərdə keçirilən futbol üzrə dünya çempionatında ilk qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, E qrupunda ikinci turun oyunları çərçivəsində Kosta-Rika millisi Yaponiya yığması ilə qarşılaşıb. "Əhməd İbn Əli" stadionunda oynanılan matç Kosta-Rika yığmasının minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
İngiltərəli baş hakim Maykl Oliverin idarə etdiyi oyunda yeganə qolu kosta-rikalı müdafiəçi Keyşer Fuller vurub. Hesabında 3 xal olan İspaniya, Yaponiya və Kosta-Rika milliləri qrupda ilk üç pillədə yer alıblar. Almaniya millisi hələ ki, xal qazana bilməyib. Qrupun digər oyunu - İspaniya - Almaniya qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu gün F qrupunda isə Belçika-Mərakeş (saat 17:00), Xorvatiya-Kanada (saat 20:00) qarşılaşmaları oynanılacaq.
Belçika millisi 3 xalla F qrupuna liderlik edir. Xorvatiya və Mərakeş komandaları 1 xalla ikinci-üçüncü yerdədirlər. Xal qazana bilməyən Kanada isə sonuncudur.
Dünya çempionatı ilk dəfədir Yaxın Şərqdə keçirilir. Qətər yarışa ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşüb. Bu, həm də 32 komandanın iştirakı ilə baş tutan sonuncu çempionat olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi mundialda isə 48 yığma mübarizə aparacaq.
Qətərin ev sahibliyi etdiyi mundial 29 gün davam edəcək. Dünya çempionatında ümumilikdə 64 qarşılaşma keçiriləcək. 32 komanda hərəsində 4 yığma olmaqla səkkiz qrupda mübarizə aparır.
Çempionluq uğrunda mübarizədə əvvəllər qalib olmuş 8 komandadan yeddisi iştirak edir. Braziliya, Almaniya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya yenə titul qazanmaq arzusundadır. Elə mundialın əsas favoritləri də onlardır. Uruqvay istisna olmaqla, digərləri qızıl medala namizədlər hesab olunur.