SİYASƏT
Kristian Kosmin: Forumun nəticələrinin gələcək uğurlara yol açacağına inanıram
Bakıda keçirilən Gənclər siyasəti üzrə birinci qlobal forumun nəticələrinin gələcək uğurlara yol açacağına inanıram.
Bu sözləri Rumıniyanın gənclər və idman nazirinin müavini Kristian Kosmin AZƏRTAC-a müsahibəsində bildirib.
K.Kosmin deyib: “Gənclərin məsələlərinə həsr olunan birinci qlobal forumda iştirakımdan çox məmnunam. Üç gün davam edən tədbirdə panellərdən birində çıxış etdim. Gələn il Rumıniyanın Kluj şəhəri Avropanın gənclik paytaxtı olacaq. Əminəm ki, forumda iştirak edən qonaqların bir çoxu Rumıniyada da bizimlə birgə olacaq. Çünki gənclik paytaxtı olmaq həm Rumıniya, həm də Avropa üçün böyük əhəmiyyət daşıyır”.
Forumda müzakirə olunan məsələlərin həyatda reallığa çevriləcəyinə əminliyini bildirən rumıniyalı nazir müavini deyib ki, gənclərin problemlərinin əlverişli həlli yollarının tapılacağına, yaxşı iş tapmaq, məktəbi bitirəndən sonra işlə təmin olunmaq, işsizliyin azaldılması kimi məsələlərin daha çox diqqət mərkəzində olacağına inanıram. Hazırda dünyada çox sayda işsiz gənc var. Düşünürəm ki, forumun ən mühüm nəticələrindən biri belə gənclərin əmək bazarına inteqrasiyasına kömək etmək olacaq.
Bakıya ilk dəfə gəldiyini söyləyən K.Kosmin qeyd edib ki, Azərbaycanın paytaxtının sürətli inkişafı və gözəlliyi barədə çox eşidib. Şərq memarlığının incilərindən olan İçərişəhər, Bakı bulvarının əsrarəngiz mənzərəsi onu heyran edib. Şəhər əhalisi ilə ünsiyyət və zəngin Azərbaycan mədəniyyəti ilə tanışlıq rumıniyalı qonağa xoş təsir bağışlayıb.
Rumıniyanın Azərbaycanın yaxşı dostlarından və strateji tərəfdaşlarından biri olduğunu vurğulayan K.Kosmin qeyd edib ki, Rumıniya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcək.