Kür çayının Bankə məntəqəsində suyun səviyyəsi 6 santimetr azalıb
Bakı, 28 fevral, AZƏRTAC
Fevralın 28-də Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı, o cümlədən Lənkəran-Astara bölgəsindən axan Təngərüdçayın Vaqo və Viləşçayın Şıxlar məntəqələrində suyun səviyyəsi dəyişməyib. Lənkərançayın Sifidor məntəqəsində suyun səviyyəsi 5, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayın Ağbaşlar məntəqəsində 2 santimetr azalıb, Gəncəçayın Zurnabad məntəqəsində 1 santimetr artıb. Kürəkçayın Çaykənd məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 200 kubmetr/saniyə təşkil edir. Bu da ongünlük normanın 103 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 48 faiz çoxdur.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 2 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 24,5 kubmetrə bərbərdir. Bu da ongünlük normanın 32 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 9 faiz azdır.
Kür-Surra məntəqəsində suyun səviyyəsi dəyişməyərək 252 santimetr, su sərfi isə saniyədə 37 kubmetr olub. Kür-Şirvanda suyun səviyyəsi 4 santimetr azalaraq 71, Kür-Bankədə 6 santimetr azalaraq 90, Araz-Novruzluda isə 2 santimetr azalaraq 48 santimetr təşkil edib.