Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 12 santimetr azalıb
Bakı, 29 mart, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində bəzi yerlərdə yağan yağış nəticəsində respublikanın əsasən Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-100, Kiçik Qafqazın çaylarında 40-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 90-160 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildiriblər ki, martın 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 177 kubmetr olmaqla ongünlük normanın 58 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 68 kubmetr təşkil etməklə ongünlük normanın 61 faizinə bərabərdir.
Martın 29-da Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən azalıb. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda 12, Salyanda 9 santimetr azalma qeydə alınıb. Kür çayının Bankə və Araz çayının Novruzlu məntəqələrində isə suyun səviyyəsi dəyişməyib. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 333, Şirvanda 181, Salyanda 99, Bankədə 167, Araz çayının Novruzlu məntəqəsində isə 33 santimetrə bərabərdir.