KÜR VƏ ARAZ ÇAYLARINA ÇİRKAB SULARIN AXIDILMASI DAVAM EDİR
Bakı, 22 iyun (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədi ilə iyun ayının ikinci ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişdir.
İyun ayının ikinci ongünlüyündə Kür çayında suyun sərfi iyun ayının birinci ongünlüyünə nisbətən 61 kubmetr/saniyə azalaraq 432 kubmetr/saniyə təşkil etmişdir.
Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 4, mis birləşmələri 3, Ağstafaçay məntəqəsində fenollar 2, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçmişdir.
Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 499 kubmetr/saniyə olmuşdur. Belə ki, Horadiz məntəqəsində fenollar 4, mis birləşmələri 3, I Şahsevən məntəqəsində fenollar və mis birləşmələri 4, Bəhramtəpə məntəqəsində fenollar 4, mis birləşmələri 3 dəfə normadan artıq olmuşdur.
Suyun oksigen rejimi bütün məntəqələrdə sanitar norma daxilində dəyişmişdir.