KÜRDƏMİR RAYONUNUN KƏNDLƏRİNDƏ HƏYAT SƏVİYYƏSİ YÜKSƏLİR
Kürdəmir, 26 yanvar (AZƏRTAC). Rayonun Topalhəsənli kənd icra nümayəndəliyi 3 kəndi - Topalhəsənli, Şahsevən və Qaraqocalı kəndlərini əhatə edir. Ərazidə orta məktəb, uşaq bağçası, poçt, klub, 3 kitabxana, həkim məntəqəsi və 2 feldşer-mama məntəqəsi fəaliyyət göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət aqrar siyasəti, kəndə göstərilən diqqət və qayğı hər yerdə olduğu kimi burada da ərazi vahidliyini əhatə edən kəndlərdə iqtisadiyyatın inkişafına, nəticə etibarilə bir sıra sosial problemlərin həllinə, insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına səbəb olmuşdur.
Bu fikirlər rayon icra hakimiyyəti başçısının Topalhəsənli kəndi üzrə nümayəndəsi Rasim Rəsulovun hesabat məruzəsində səslənmişdir. Ötən il görülmüş işlər barədə ətraflı məlumat verən məruzəçi qeyd etmişdir ki, istər bitkiçilik, istərsə də heyvandarlıq sahələrində diqqətəlayiq uğurlar qazanılmışdır. Hesabat ilində taxıl sahələri 2 min 70 hektara çatdırılmış, istehsal 2008-ci ilə nisbətən xeyli artmışdır. Ərazidə iribuynuzlu mal-qaranın sayı 2 min 503 başa, davarların sayı 3 min 464 başa, ev quşlarının sayı isə 12 min 533 başa çatmışdır.
İqtisadiyyatın yüksəldilməsi, insanların gəlirinin artması kəndlərdə sosial problemlərin həllinə imkan verir. Sakinlərin köməyi və bələdiyyənin səyi ilə Şahsevən kəndinə magistral qaz kəmərindən 600 metr uzunluğunda boru kəməri çəkilmiş, kəndə təbii qaz verilmişdir. Topalhəsənli və Qaraqocalıda kəndarası yollar təmir edilmiş, kanalizasiya xətləri və su arxları təmizlənmişdir.
Məruzəçi və digər çıxış edənlər ayrı-ayrı xidmət təşkilatlarının fəaliyyətini geniş təhlil etmiş, bu sahədə qarşıda duran vəzifələrdən danışmışlar.
Yığıncaqda Qarabağ müharibəsi döyüşlərində həlak olmuş 8 şəhid, həmçinin ərazidə məskunlaşmış 11 məcburi köçkün ailəsinə göstərilən qayğı diqqətə çatdırılmışdır.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vasif Məmmədov ötən il rayonda sosial-iqtisadi sahələrdə görülən işlərdən, qarşıda duran həlli vacib məsələlərdən, bu istiqamətdə ərazi icra nümayəndələrinin üzərinə düşən vəzifələrdən danışmışdır.
Prezident Administrasiyasının məsul işçisi Vüqar Əliyev yığıncaqda çıxış edərək dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən sosial-iqtisadi layihələrdən, bölgələrə göstərlən diqqət və qayğıdan, qarşıda duran vəzifələrdən danışmışdır.