“KÜRDƏMİR RET” MMC ÜZRƏ AVQUSTDA ELEKTRİK ENERJİSİNDƏN 121 QANUNSUZ İSTİFADƏ FAKTI AŞKAR EDİLMİŞDİR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, müvafiq icra strukturlarının və yerli hüquq mühafizə orqanlarının iştirakı ilə keçirilmiş reydlər zamanı cari ilin avqustunda “Kürdəmir Regional Enerji Təchizatı” (RET) Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə elektrik enerjisindən istifadə qaydalarının pozulması hallarının sayı əvvəlki ayla (iyul) müqayisədə azalaraq 101-ə enmişdir.
2008-ci ilin avqustunda 121 pozuntu qeydə alınmışdır. Pozuntu faktları ilə əlaqədar istifadə edilmiş elektrik enerjisinin haqqının məcburi qaydada ödənilməsi üçün müvafiq aktlar tərtib edilmişdir. Beləliklə, itirilmiş elektrik enerjisinin 269 min kilovat-saatdan artıq hissəsinin dəyəri bərpa olunmuşdur.
Ümumiyyətlə, cari ilin səkkiz ayında RET üzrə elektrik enerjisindən istifadə qaydalarının pozulması ilə əlaqədar 1.592 fakt aşkar edilmiş və müvafiq aktlar tərtib olunmuşdur. İtirilmiş elektrik enerjisinin 4,3 milyon kilovat-saatının dəyəri bərpa edilmişdir. Bu məbləğin 80 faizdən çoxu artıq ödənilmişdir.
Müəssisənin xidməti ərazilərində xətt və avadanlıqda istismar səviyyəsinin daha da yüksəldilməsi, istehlakçıların fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün yenidənqurma və təmir-tikinti işləri həyata keçirilir. Bu məqsədlə 26 kilometrdən çox müxtəlif gərginlikli elektrik xətləri çəkilmiş, 105 kilometrə yaxın xətt əsaslı və 350 kilometrdən çox cari təmir edilmişdir. Eyni zamanda 6 transformator məntəqəsi əsaslı, 103-ü isə cari təmir olunmuşdur.