Kürdəmirdə küçə və həyətlərə dolan yağış suları kənarlaşdırılır VİDEO







Kürdəmir, 16 aprel, R.Türkoğlu, AZƏRTAC
Kürdəmirdə ötən gecədən etibarən yağan intensiv yağışlar rayon ərazisində bir sıra fəsadlara səbəb olub. Gecə saatlarında leysan xarakteri alan yağıntı səhər saatlarında daha da güclənib. Nəticədə rayonun mərkəzi küçə və prospektlərinə, fərdi yaşayış evlərinə, yardımçı tikililərə su dolub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, küçələrdə yaranan gölməçələr nəqliyyatın hərəkətini çətinləşdirib. Bəzi ərazilərdə suyun səviyyəsi təhlükəli həddə çatdığından həmin küçələr müvəqqəti olaraq bağlanıb.
Məsələ ilə bağlı Kürdəmir Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəis müavini Arzu Şahbazov bildirib ki, bu gün səhər saatlarından etibarən idarənin canlı qüvvəsi və texnikası yerlərdə işə başlayıb: “Hazırda təkcə küçələrdə deyil, fərdi yaşayış evlərinin həyətlərində toplanmış suyun çəkilərək kənarlaşdırılması istiqamətində də tədbirlər görülür. Lakin havanın hələ də yağmurlu keçməsi işləri bir qədər ləngidir. Buna baxmayaraq, əməkdaşlarımız fasiləsiz iş rejimində fəaliyyət göstərirlər”.
Əraziyə Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri və digər aidiyyəti qurumlar da cəlb olunub. Yağış sularının çəkilməsi üçün nasoslar quraşdırılıb, axarların açılması və təmizlənməsi istiqamətində tədbirlər davam etdirilir.