Kürdəmirdə silsilə oğurluqlar edən rayon sakini saxlanılıb
Bakı, 21 iyun, AZƏRTAC
Kürdəmir Rayon Polis Şöbəsinə mayın 15-də MMC-lərdən birinə məxsus üç avtomobildən ümumi dəyəri 650 manat olan ehtiyat hissələrinin oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Qismət Süleymanov saxlanılıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib. Oğurlanan ehtiyat hissələri maddi sübut kimi götürülüb.
Həmin şəxsin ətrafında aparılan araşdırmalar nəticəsində Q.Süleymanovun digər cinayətlərdə də əli olduğu aşkarlanıb. Belə ki, saxlanılan şəxs müxtəlif vaxtlarda üç kanalizasiya borusunu və vətəndaşa məxsus yük avtomobilindən ehtiyat hissələrini oğurladığı məlum olub.
Faktlarla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.