Kürdəmirdə Vətən uğrunda canından keçən şəhidlərimizin anım mərasimləri təşkil edilib
Kürdəmir, 12 oktyabr, AZƏRTAC
Kürdəmirdə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Sor-Sor kəndində dünyaya gələn İsmət Hikmət oğlu Məmmədovun və Qarasu kəndindən olan Elnur Şaiq oğlu Abışovun dəfn olunduqları kənd qəbiristanlıqlarında anım mərasimləri keçirilib. Mərasimdə rayon rəsmiləri, kəndlərin sakinləri, şəhidlərin yaxınları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sor-Sor və Qarasu kənd qəbiristanlıqlarında şəhidlərin məzarları ziyarət olunub, üzərilərinə çiçəklər düzülüb, xatirələri ehtiramla yad edilib. Mərasimlərdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbənin tarixi əhəmiyyətindən danışıb, bu qələbənin daim qəlblərdə yaşayaçaq şəhidlərimizin canı, qazilərimizin qanı bahasına qazanıldığını söyləyib.
Mərasimlərdə məktəblilərin ifasında Vətənə, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Qeyd edək ki, şəhid İsmət Məmmədov 1993-cü il avqustun 2-də Kürdəmirin Sor-Sor kəndində anadan olub. Azərbaycan Ordusunun giziri İsmət Vətən müharibəsində igidliklə vuruşub, Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra Prezidentin Sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid Elnur Abışov isə 1997-ci il sentyabrın 1-də Qarasu kəndində dünyaya göz açıb. Ötən il sentyabrın 27-də başlanan Vətən müharibəsində qardaşı Şəfalı ilə birgə erməni işğalçılarına qarşı vuruşub. Talış və Suqovuşan uğurundakı döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edib. Təəssüf ki, döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra ölkə başçısının Sərəncamı ilə ona “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları verilib.