Kürdəmirdə voleybol üzrə rayon birinciliyi başa çatıb
Kürdəmir, 4 mart, AZƏRTAC
Kürdəmirdə rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan voleybol növü üzrə rayon birinciliyinin final mərhələsi başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 4-də Atakişili kənd tam orta məktəbinin idman zalında keçirilən final mərhələsindən öncə çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əhmədov komandalara uğurlar arzulayıb, ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdən, Azərbaycan idmanının uğurlarından danışıb.
Qeyd edək ki, fevralın 27-dən start götürən turnirdə komandalar qrup, yarımfinal və final mərhələsində yarışıblar. Gərgin idman mübarizəsi şəraitində keçən final yarışlarında I yerə Atakişili kənd tam orta məktəbin voleybol komandası çıxıb. II və III yerləri müvafiq olaraq şəhər 2 saylı tam orta məktəbin və Uşaq Gənclər İdman Şahmat məktəbinin voleybol komandaları tutublar.
Qalib komandalara və fərqlənən idmançılara diplom və kubok verilib.