Kürşat Göktürk: Gücün əsası bilik və texnologiyadır
Bakı, 6 may, AZƏRTAC
Üç gün davam edəcək konfrans çərçivəsində “Türk dünyasında transformasiya və inteqrasiya” mövzusu ətrafında iqtisadiyyat, siyasət və texnologiya sahələri üzrə 150-yə yaxın elmi təklif təqdim olunacaq. Bu tədbir yalnız akademik müzakirə platforması deyil, eyni zamanda, Orta Asiyadan Anadoluyadək, Qafqazdan Şərqi Aralıq dənizinə qədər uzanan geniş coğrafiyada ortaq akademik yaddaşın formalaşdırılmasına xidmət edir. Bu kontekstdə Şimali Kipr Türk Cümhuriyyətinin institusional iştirakı və yeni yaradılmış Qarabağ Universitetinin bu akademik ailəyə qoşulması elmi əməkdaşlığın sərhəd tanımayan xarakterini bir daha nümayiş etdirir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ankara Hacı Bayram Vəli Universitetinin prorektoru Kürşat Göktürk BDU-da keçirilən “Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” mövzusunda beynəlxalq konfransda deyib.
Prorektor bildirib ki, sürətli texnoloji inkişaf və rəqəmsal transformasiya təkcə iqtisadi strukturları deyil, həm də idarəetmə modellərini və sosial münasibətləri köklü şəkildə dəyişir: “Akademik ictimaiyyət bu dəyişikliyi ortaq dil və mədəni irsdən aldığı güclə regional üstünlüyə çevirməlidir. Konfrans iştirakçılarının mühüm hissəsini gənclər və elmi təqdimatlarla çıxış edən akademiklər təşkil edir. Bugünkü dünyada güclü olan tərəf qalib gəlir və tarix də bunu açıq şəkildə sübut edir. Güc hərbi imkanlarla, təşkilatlanma ilə, motivasiya ilə və ən əsası, elm və bilik vasitəsilə formalaşır”.