Küveyt mediası Ermənistanın hərbi təxribatları ilə bağlı materiallar dərc edib
Qahirə, 15 sentyabr, AZƏRTAC
Ermənistanın sentyabrın 12-də gecə saatlarında Azərbaycanla sərhəddə törətdiyi təxribatlar və bununla bağlı rəsmi Bakının, həmçinin Küveytdəki azərbaycanlı icmasının bəyanatı bu ölkənin mediasının diqqət mərkəzindədir.
Küveytin “Dasmannews”, “Bobiannews” və “q8Press” qəzet və portallarında AZƏRTAC-a istinadla Ermənistanın təxribatları ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin şərhi dərc olunub. Bu materiallarda diqqətə çatdırılıb ki, beynəlxalq ictimaiyyətin çağırışlarına və atəşkəs haqqında razılaşmaya baxmayaraq, Ermənistan silahlı qüvvələri sentyabrın 12-dən Azərbaycana qarşı başlatdığı hərbi təxribatları davam etdirir və Azərbaycan Ordusu tərəfindən legitim hərbi hədəflərə qarşı cavab tədbirləri həyata keçirilir. Eyni zamanda, Azərbaycan tərəfi beynəlxalq humanitar hüquqa və humanizmə sadiq qalaraq, ölkəmizin ərazi bütövlüyünə qarşı təxribat törətmiş Ermənistan hərbçilərinin cəsədlərini birtərəfli qaydada Ermənistan tərəfinə təhvil verməyə hazır olduğunu bəyan edib, Beynəlxalq Qırmızı Xaç Komitəsi bu barədə məlumatlandırılıb. Belə bir vəziyyətdə Ermənistanın təxribatçı əməllərindən əl çəkməməsi və Azərbaycanın mövqelərini artilleriya vasitələrindən atəşə tutması bu ölkənin bölgədəki vəziyyətin gərginləşdirilməsində maraqlı olduğunu göstərir.
Küveyt mediasında, həmçinin Küveytdəki Azərbaycan icmasının rəhbəri Könül Hacızadənin adından Ermənistanın təxribatları ilə bağlı bəyanat dərc edilib. Yerli ictimaiyyətə sentyabrın 12-də gecə saatlarından başlayan Ermənistanın təxribatları, rəsmi Yerevanın təcavüzkar siyasətinin və Azərbaycanın sülh təkliflərinə cavab verməməsinin səbəbləri barədə ətraflı məlumat verilib. Azərbaycan icması beynəlxalq ictimaiyyəti bu cür təxribatlara son qoymaq üçün Ermənistan hökumətinə təzyiq göstərməyə çağırıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə