Laboratoriyalararası səriştəlilik sınağının nəticələri məlum olub
Bakı, 2 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi İnstitutu ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarını davam etdirir.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin çərçivədə həyata keçirilən növbəti, Aflatoksin müayinəsi üzrə səriştəlilik sınağının nəticələri məlum olub.
Səriştəlilik sınaqlarına qatılan 4 laboratoriya tərəfindən instituta təqdim edilən nəticələrə dair hesabat Qida Təhlükəsizliyi İnstitutunun saytında (www.afsi.gov.az) yaradılan “Səriştəlilik sınaqları” adlı bölmədəki “Hesabatlar”da yerləşdirilib. Nəticələr konfidensiallığın qorunması məqsədilə individual laboratoriya nömrələri ilə açıqlanıb. İştirakçılar sayta daxil olaraq nəticələrlə tanış ola bilərlər.
Qeyd edək ki, səriştəlilik sınaqları sınaq laboratoriyalarının müayinə nəticələrinin düzgünlüyünün və etibarlılığının təmin olunması, həmçinin sınaq nəticələrinin keyfiyyətinin və personalın səriştəliliyinin artırılması məqsədilə təşkil edilir. Sınaqlar beynəlxalq ISO 17043 “Səriştəlilik sınaqlarına dair ümumi tələblər” standartına uyğun keçirilir. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən laboratoriyaların sınaq nəticələri səriştəlilik sınaqları “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinə uyğun olaraq keçirildikdə tanınır və etibarlı hesab edilir.