LAYİHƏNİN İCRASI VAXTINDA BAŞA ÇATMIŞDIR
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov ümummilli lider Heydər Əliyevin müəllifi olduğu torpaq islahatı proqramının həyata keçirilməsi nəticəsində respublikamızda kolxoz və sovxozların ləğv olunaraq bütün əmlakının, o cümlədən 1,9 milyon hektar torpaq sahəsinin 865 min ailəyə paylandığını, bunun keçmiş SSRİ miqyasında ən cəsarətli islahat olduğunu xatırlatmışdır. Yerölçmə-kadastr işlərinin görülməsi üçün ən müasir texnologiyaların İsveçrədə hazırlandığını vurğulayan komitənin sədri bu işin tez və keyfiyyətlə başa çatdırılması üçün İsveçrə hökumətinə müraciət edildiyini, müvafiq razılaşmalardan sonra 2003-cü il mayın 8-də Bakıda saziş imzalandığını, layihənin icrasının da sazişdə göstərilən vaxtda – 24 ay müddətində yerinə yetirildiyini bildirmişdir. Q.Məmmədov demişdir ki, 2,7 milyon ABŞ dolları məbləğində qrant layihəsi çərçivəsində alınmış rəqəmli texnologiya, alət və avadanlıq 10 regional torpaq qeydiyyatı ofisinə paylanmışdır, müxtəlif avadanlıqdan Bakı Dövlət Universitetində, Memarlıq və İnşaat Universitetində də ixtisaslı kadrların hazırlanmasında səmərəli istifadə edilir.
Layihənin isveçrəli menecerləri təmsil etdikləri hökumətin hər il Azərbaycanda müxtəlif infrastruktur layihələrinin maliyyələşməsi, özəl bölmənin inkişafı, qaçqın və məcburi köçkünlərə maddi yardım layihələrinə 7 milyon dollara yaxın vəsait ayırdığını bildirərək, başa çatan kadastr layihəsinin də ikitərəfli əlaqələrin genişlənməsində əhəmiyyətli rol oynadığını söyləmişlər.
Layihənin keyfiyyətlə icra edildiyi, komitə yanında müasir standartlara cavab verən elmi istehsalat mərkəzinin zəngin məlumat bazasının yaradıldığı, İsveçrə Topoqrafiya İdarəsinin mütəxəssisləri tərəfindən adları çəkilən universitetlərdə treninqlər, təlim kursları keçildiyi bildirilmişdir.
Azərbaycan və İsveçrə mütəxəssisləri sonda jurnalistlərin suallarına cavab vermişlər.