DÜNYA
Le Pen: Fransanı yeni növbədənkənar seçkilər gözləyir
Bakı, 9 sentyabr, AZƏRTAC
Fransanı gələn il yeni növbədənkənar parlament seçkiləri gözləyir.
AZƏRTAC xəbər verir ki, bu fikri sağçı “Milli birlik” partiyasının Fransa Milli Assambleyasındakı fraksiyasının lideri Marin Le Pen İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib.
“Aydındır ki, vəziyyət belə davam edə bilməz. Bu, Makrondan başqa hamıya aydındır. Aydın görünür ki, bir il sonra bizi qanunverici orqana yeni növbədənkənar seçkilər gözləyir. Əvvəl-axır Fransaya mütləq çoxluq lazımdır və biz buna yalnız yeni proporsional seçki qanununun köməyi ilə nail ola bilərik”, - deyə Le Pen vurğulayıb.
Onun sözlərinə görə, sağçı “Milli birlik” partiyasının fraksiyası yeni baş nazir Mişel Barnyeyə etimadsızlıq votumu irəli sürməyə tələsməyəcək. Belə ki, ilk ictimai bəyanatları onun “bütün siyasi qüvvələrlə kompromis tapmaq istəməsi” təəssüratını yaradır: “Görək, seçicilərin, məsələn, Avropa ilə bağlı istəkləri də nəzərə alınacaqmı? Barnye mühüm rol oynadığı Avropa quruculuğuna sadiq olmasına baxmayaraq, seçkilərin nəticələrini unutmamalıdır. Çünki fransızların əksəriyyəti indiki Avropa nizamına qarşıdır”.
Xatırladaq ki, növbədənkənar parlament seçkilərinin başa çatmasından 60 gün sonra prezident Emmanuel Makron 73 yaşlı Mişel Barnyeni yeni hökumət başçısı təyin edib. Bu təyinat bir sıra siyasi qüvvələr tərəfindən etirazla qarşılanıb.