Lənkəranda minifutbol üzrə zona birinciliyi keçirilir
Lənkəran, 25 may, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Olimpiya İdman Kompleksində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Respublika turnirinə daxil olan minifutbol üzrə zona birinciliyi keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarış iştirakçıları əvvəlcə Vətən müharibəsində qəhrəmanlıq göstərək şəhidlik zirvəsinə ucalmış lənkəranlıların məzarlarını ziyarət ediblər.
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayan yarışın rəsmi açılış mərasimində Gənclər və İdman Nazirliyinin nümayəndəsi Oruc Məmmədli, Təhsil Nazirliyinin nümayəndəsi Elnur Əliyev, “Təhsil” Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə, Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva və başqaları iştirak ediblər.
Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təsdiq etdiyi Əsasnaməyə əsasən, yarış dörd zona üzrə komandaların iştirakı ilə təşkil olunub.