“Lerik” Elektrik Şəbəkəsi Müəssisəsində mühüm addımlar atılır
Bakı, 5 noyabr (AZƏRTAC). İstehlakçıların elektrik enerjisinə olan tələbatını tam və keyfiyyətli şəkildə ödəmək məqsədi ilə “Lerik” Elektrik Şəbəkəsində mühüm addımlar atılır.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, son üç ayda müəssisədə smartkart tipli sayğacların quraşdırılması məqsədi ilə 150 metrdən artıq koaksial kabel xətti çəkilmiş, 10 kilovoltluq xətlərin 7 kilometrə yaxın hissəsində, 0,4 kilovoltluq xətlərin isə 2,3 kilometrində müxtəlif təyinatlı təmir işləri aparılmışdır. Cari ilin 9 ayı ərzində keçirilmiş reydlər zamanı 25 qayda pozuntusu faktı aşkarlanmış, nəticədə 93,3 min kilovat-saatdan artıq itirilmiş elektrik enerjisinin 5,6 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir.
Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 66 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.