Lerikdə investisiya imkanlarına dair forum keçirilib
Lerik, 13 iyun, İlkin Adıyev, AZƏRTAC
Lerikdə investisiya imkanları mövzusunda keçirilən forumda sahibkarlar biznes fəaliyyəti üçün dövlət dəstəyi mexanizmləri, regionun investisiya imkanları barədə məlumatlandırılıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayonda sahibkarlara dəstək və xidmət göstərən dövlət qurumlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.
Forumda çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində regionların inkişaf etdiyini qeyd edib, Lerikdə sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, o cümlədən biznes fəaliyyəti üçün potensial sahələr barədə məlumat verib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizin davamlı və dayanıqlı iqtisadi inkişafında regionların rolunun vacib olduğunu vurğulayıb, rayonlarda sahibkarlığın inkişafı, yeni biznes subyektlərinin yaradılmasına və inkişafına, özünüməşğulluğun təmin edilməsinə Agentlik tərəfindən göstərilən dəstək və həyata keçirilən layihələr barədə danışıb. Qeyd edib ki, sahibkarlıq fəaliyyətinə başlamaq və biznesini inkişaf etdirmək, eləcə də dövlət dəstəyi mexanizmləri, o cümlədən KOBİA-nın dəstək və xidmətlərindən yararlanmaq istəyən sahibkarlar Agentliyin ölkənin 40-dan çox şəhər və rayonunu əhatə edən KOB dostu ofislərinə, KOB inkişaf mərkəzlərinə müraciət edə bilərlər.
“Sahibkarlığın inkişafı üçün KOBİA tərəfindən müxtəlif mexanizmlər həyata keçirilir. Bunlara daxili bazar araşdırmalarının aparılmasını, sahibkarın kredit alması üçün biznes planların təqdim edilməsini, KOB dostu şəbəkəmiz vasitəsilə sahibkarları maliyyə alətləri barədə maarifləndirilməsini, KOB-ların məhsullarının ticarət şəbəkələrində satışına dəstək göstərilməsini, təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün qrant şəklində vəsaitin ayrılmasını, yerli məhsulların müxtəlif yerli və beynəlxalq sərgilərdə tanıdılmasına və satışına dəstək göstərilməsini və digər tədbirləri misal çəkmək olar” , - deyə KOBİA sədri bildirib.
Deputat İqbal Məmmədov regionların investisiya potensialının reallaşdırılması tədbirləri barədə fikirlərini bölüşüb.
Forumda, həmçinin KOBİA-nın fəaliyyətinə və Lerik rayonunun kənd icmalarının fəaliyyətinin qiymətləndirilməsi qaydalarına dair videoçarxlar nümayiş olunub.
KOBİA-nın, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Məşğulluq Agentliyinin, Sahibkarlığın İnkişafı Fondunun və Dövlət Turizm Agentliyinin nümayəndələri “Lerikdə investisiya imkanları: mövcud potensial və perspektivlər” mövzusunda təqdimatlarla çıxış edərək sahibkarları məlumatlandırıb, sualları cavablandırıblar.
Lənkəran-Astara iqtisadi rayonuna səfər çərçivəsində KOBİA nümayəndələri Masallı Sənaye Məhəlləsində fəaliyyət göstərən "Birlik 3-A" MMC-yə məxsus dərziçilik və xalçaçılıq müəssisəsində olublar. Burada sahibkarlıq fəaliyyəti ilə yanaşı, əlilliyi olan şəxslərə, şəhid və qazi ailələrinin üzvlərinə müvafiq sahə üzrə peşə bilikləri öyrədilir. İndiyədək müəssisə tərəfindən dərziçilik üzrə 19 tələbəyə, xalçaçılıq üzrə isə 23 tələbəyə sertifikatlar verilib.