LEV QUMİLYOV ADINA QAZAXISTAN DÖVLƏT AVRASİYA UNİVERSİTETİNDƏ GÖRÜŞ
Dövlətimizin başçısı universitetdəki türkdilli ölkələrin mədəniyyət və əlyazmalar muzeyi ilə yaxından tanış oldu. Azərbaycan Prezidentinə məlumat verildi ki, muzeydə qədim tarixə malik türkdilli xalqların mədəniyyət nümunələri, o cümlədən əlyazmalar toplanmışdır.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevlə bu ali təhsil ocağının müəllim və tələbələri ilə görüşü keçirildi. Rektor Şarsenqali Abdımanapov görüşü açaraq, bu təhsil ocağının fəaliyyətindən, ölkədə təhsilə göstərilən dövlət qayğısından danışdı. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə universitetin fəxri doktoru adının verilməsi barədə Elmi şuranın qərarını oxudu, fəxri doktor diplomunu və mantiyanı dövlətimizin başçısına təqdim etdi.
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edərək, ona göstərilən yüksək etimada görə təhsil ocağının rəhbərliyinə və Elmi şuranın üzvlərinə təşəkkür etdi. Qazaxıstana rəsmi səfərinin çox yüksək səviyyədə keçdiyini vurğulayan dövlətimizin başçısı dedi ki, hər iki ölkənin xalqlarının daha yaxşı yaşaması və müstəqilliyimizin möhkəmlənməsi istər Azərbaycan, istərsə də Qazaxıstan rəhbərliyinin ən başlıca məqsədləridir.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə də toxundu, bu məsələdə mövqeyinə görə Prezident Nursultan Nazarbayevə təşəkkürünü bildirdi.
Sonra universitetin rektoru Azərbaycan Prezidenti İlham Əliyevə “Qızıl döyüşçü” medalını təqdim etdi.
Prezident İlham Əliyev isə universitetə Azərbaycan rəssamı Mahmud Tağıyevin “Dədə Qorqud” tablosunu hədiyyə etdi.
X X X
Həmin gün Astanada ”Səltənət” sarayında Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil olundu.