Leytenant Emil Mərdanoğlu: Azərbaycan Ordusu Aprel döyüşlərində gücünü düşmənə göstərdi
Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Aprel döyüşləri Ordumuzun döyüş əzmini istər düşmənə, istərsə də bütün dünyaya sübut etdi. Həmin zəfər nəticəsində qəhrəman Azərbaycan əsgəri düşmənə layiqli cavab verməklə yanaşı, işğal altındakı mühüm strateji yüksəklikləri azad etdi. Uzun illərin ayrılığından sonra düşmən tapdağında olan torpaqlarımızın bir hissəsi tarixi sahiblərinə qovuşdu.
Bu sözləri Aprel döyüşlərinin iştirakçısı leytenant Emil Mərdanoğlu AZƏRTAC-a müsahibəsində deyib.
Leytenant deyib ki, biz döyüşə böyük ruh yüksəkliyi ilə başladıq. İnanırdıq ki, qələbə qazanacağıq. Düşmən uzun müddət idi ki, yaşayış məntəqələrini, bir sıra obyektləri, eləcə də döyüş mövqelərimizi müxtəlif növ silahlardan atəşə tuturdu. Hər dəfə də qarşı tərəf cavab atəşi ilə susdurulurdu. Aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribat törətməyə cəhd etdi. Lakin biz həmişə olduğu kimi, ayıq-sayıq dayanmışdıq, ona görə də düşmənə dərhal lazımi cavabı verdik. Ordumuz əks-həmlə ilə düşmənin atəş nöqtələrini susdurdu, onları qaçmağa vadar etdi. Ermənilər illər ərzində qurduqları postları, mövqeləri tərk edib qaçırdılar. Biz həmin mövqeləri ələ keçirərək düşmənin xeyli sayda texnikasını, canlı qüvvəsini məhv etdik. Azad edilən ərazilərdə yeni postlar, istehkamlar qurduq və möhkəmləndik.
“Döyüşlərin gedişi zamanı zabitlərimiz, gizirlərimiz, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularımız və əsgərlərimiz yaralansalar da, savaş meydanını tərk etmirdilər. Həmin vaxt hamı Vətən uğrunda ölümün gözünə dik baxmağı bacardı. Bu, bir daha sübut etdi ki, biz tezliklə doğma torpaqlarımıza qayıdacağıq və yalnız o vaxt şəhid yoldaşlarımızın ruhu rahatlıq tapacaq. Aprel döyüşləri yenilməz, şanlı Azərbaycan Ordusunun gücünü düşmənə bir daha göstərdi. Sübut etdi ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Biz hansı yolla olursa-olsun torpaqlarımızı düşmən tapdağından azad edəcəyik”, - deyə Emil Mərdanoğlu bildirib.