SİYASƏT
Litvanın müxtəlif bölgələrində Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib
Vilnüs, 26 fevral, AZƏRTAC
Litvanın müxtəlif bölgələrində Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirlər çərçivəsində Klaypeda şəhərindəki İ. Şimonaitytes adına Dövlət Kitabxanasında litvalı kinematoqrafçılar tərəfindən lentə alınmış “Sonsuz dəhliz” filminin təqdimatı və Xocalı qurbanlarının xatirəsinin anma mərasimi təşkil olunub.
“Azeris” Klaypeda Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı ilə reallaşan tədbirdə soydaşlarımızla yanaşı, yerli ictimai-siyasi təşkilatların nümayəndələri, yəhudi, alman, Belarus, tatar və Ukrayna icmalarının rəhbərləri, Vilnüs və Şiaulyaydan gələn qonaqlar iştirak ediblər.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı, Litva Milli Azlıqlar Şurasında Klaypeda azərbaycanlılarının nümayəndəsi Rəna Məmmədova çıxış edərək tədbir iştirakçılarına Xocalı qətliamı barədə məlumat verib. Bu soyqırımı təşkil edənlərin bəşəriyyət qarşısında cavab verməli olacaqlarını qeyd edən natiq “Sonsuz dəhliz” filminin ilk dəfə olaraq Klaypeda şəhərində nümayiş etdirilməsinin əhəmiyyətindən söz açıb.
Sonra filmin əsas qəhrəmanlarından olan litvalı jurnalist Riçardas Lapaitis çıxış edib. O, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən vəhşilikləri Xatın, Srebrenitsa qətliamları ilə eyniləşdirib, Xocalı soyqırımını törədənlərin hələ də cəzalandırılmadığını, lakin yaxın zamanda tarix qarşısında cavab verəcəklərinə əminliyini bildirib. Erməni vəhşiliklərini öz gözləri ilə gördüyünü deyən R.Lapaitis belə qətliamların bir daha təkrar olunmaması üçün dünya ictimaiyyətini susmamağa və biganə qalmamağa çağırıb.
Sonra “Sonsuz dəhliz” filmi nümayiş olunub.
Ekran əsərinin nümayişindən sonra çıxış edən “Azeris” cəmiyyətinin sədri Əliağa Məmmədov “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın bir çox yerlərində Xocalı qurbanlarının xatirəsinin yad olunduğunu, ermənilərin törətdikləri qırğınlara dünya ictimaiyyəti tərəfindən lazımi qiymət verilmədiyini diqqətə çatdırıb.
Sonda soyqırımı qurbanlarının xatirəsinə ehsan verilib.
Qeyd edək ki, Litvanın Kaunas və Şiaulyay şəhərlərində də Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçirilib, Vilnüs və Kaunas şəhərlərindəki məscidlərdə Xocalı şəhidlərinin ruhuna dualar oxunub.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs