Macar ekspert: “Aİ-nin Avropa Sülh Fondu” öz adını tam doğrultmur
Budapeşt, 16 aprel, AZƏRTAC
Bu günlərdə Avropa İttifaqının Ermənistana bu ölkənin hərbi ehtiyacları üçün ayırdığı yardım paketini Macarıstan tərəfindən əngəlləməsi ekspert icmasının müzakirə mövzusu olaraq qalır.
AZƏRTAC xəbər verir ki, bir sıra politoloqlar Budapeştin bu qərarını dəstəklədiyini, eyni zamanda, Brüsselin mövqeyini tənqid ediblər. Xüsusilə, professor Attila Hargitai hesab edirdi ki, yardımların ayrılması zamanı bu və ya digər struktur regionda son müharibəni nəzərə alaraq paritetə riayət etməlidir. “On milyon avro kifayət qədər böyük məbləğdir. Hətta Azərbaycanın bu məbləğə həqiqətən ehtiyacı olmasa belə, paritet naminə birtərəfli addımlardan çəkinmək lazım idi”, - deyə o, “Aİ-nin Avropa Sülh Fondu”nun son müharibədə tərəflərdən birinin silahlanması üçün vergi ödəyicilərinin milyonlarla avro vəsaitini ayırmaqla öz adını doğrultmadığını qeyd edib.
Xatırladaq ki, “Aİ-nin Avropa Sülh Fondu” adlanan qurum 2021-ci ildə yaradılıb və İttifaqın blokdan kənara hərbi yardım göndərmək üçün istifadə etdiyi strukturdur. Yarandığı gündən vəsaitlər əsasən Ukraynaya yönəldilib, lakin 2024-cü ildə daha 10 milyon avronun Ermənistana köçürülməsi təsdiqlənib. Bu paket Macarıstan tərəfindən bloklanıb. Budapeşt sonda ölkədə minatəmizləmə əməliyyatlarını dəstəkləmək üçün Bakıya ekvivalent məbləğdə maliyyənin göndərilməsi şərti ilə etirazını geri çəkib.
Aİ Macarıstanı yardımı buraxmağa inandırmaq üçün əlavə müzakirələr təklif edib, lakin Budapeşt bundan sonra da mövqeyini dəyişməyib.
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt