Macarıstanın Konstitusiya Məhkəməsi: Pandemiya dövründə hayküyçülük qeyri-qanunidir
Budapeşt, 19 iyun, AZƏRTAC
Macarıstanın Konstitusiya Məhkəməsi pandemiya dövründə çaxnaşma əhval-ruhiyyəsi yaratmağa və yanlış məlumatlar yaymağa görə cinayət məsuliyyətinə cəlb edilməyə dair mart ayının əvvəlində qəbul edilmiş Qanunun ölkə Konstitusiyasına zidd olmadığı barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, qanunun qəbulundan dərhal sonra verilən apellyasiya şikayətində onun söz azadlığını məhdudlaşdırmaqla yanaşı, nəyin çaxnaşma əhval-ruhiyyəsi olmasını və nəyin olmamasını özbaşına təyin etmək üçün hakimlərə çox geniş imkanlar verdiyi bildirilir. Qeyd olunur ki, qəbul edilmiş qanuna əsasən, təqsirli bilinən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Konstitusiya Məhkəməsi məsələni hərtərəfli araşdırandan sonra qərara alıb ki, qadağa bilərəkdən yalan və ya təhrif olunmuş məlumatları yayanlara, fövqəladə vəziyyət zamanı vətəndaşların həyat və sağlamlığının qorunması məqsədilə hökumətin gördüyü tədbirləri məqsədyönlü şəkildə təxribata çevirənlərə şamil edilir.
Eyni zamanda, Məhkəmə belə qərar gəlib ki, tənqidi bəyanatlar cinayət kimi xarakterizə edilməməlidir. Çünki bu, artıq söz azadlığına aid olan məsələdir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt