Macarıstanla münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir - Açıqlama
Bakı, 21 avqust, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Budapeştə səfəri mühüm əhəmiyyətə malikdir. Çünki bizim Macarıstanla olan əlaqələrimiz siyasi, iqtisadi, mədəni, təhsil sahəsində və digər istiqamətlərdə inkişaf edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev söyləyib.
Deputat qeyd edib ki, iqtisadi cəhətdən bu gün Macarıstan Azərbaycanı enerji təhlükəsizliyinə təhdidin qarşısını ala biləcək dövlətlərdən biri kimi qəbul edir.
Onun sözlərinə görə, siyasi istiqamətdə də sıx əməkdaşlıq mövcuddur. Belə ki, bir çox beynəlxalq təşkilatlarda Azərbaycan və Macarıstan birgə təmsil olunur. Macarıstan Azərbaycanın Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. İki ölkə arasında ali səviyyədə siyasi dialoq mövcuddur, ikitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir.
Azərbaycan-Macarıstan münasibətləri həm də Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verir. Bu gün artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, sonra Rumıniyaya, daha sonra isə Macarıstana və digər Avropa ölkələrinə çatdırılır.
Arzu Nağıyev bildirib ki, Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan Macarıstan ilə münasibətlərin inkişafına xüsusi önəm verir və bu səfər ikitərəfli əlaqələrə öz müsbət təsirini göstərəcək, münasibətlərimizdə yeni səhifə açacaq. Birmənalı şəkildə səfər çox mühüm əhəmiyyət kəsb edir və Azərbaycanın gələcək inkişafı üçün əhəmiyyətlidir.