İDMAN
Mahmud Qurbanov: “Qarabağ”ın “Bayer”lə budəfəki dueldən qalib ayrılacağına inanıram

Bakı, 23 fevral, AZƏRTAC
“Komandamız güclü və tanış rəqiblə qarşılaşacaq”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Mahmud Qurbanov “Qarabağ”ın UEFA Avropa Liqasında 1/8 final mərhələsində Almaniyanın “Bayer” klubuna rəqib olması ilə bağlı danışarkən deyib.
Veteran futbolçu Ağdam təmsilçisinin bu mövsüm turnirin qrup mərhələsində iki dəfə qarşılaşdığı Leverkuzen klubunun oyun üslubuna bələd olduğunu bildirib: “Qarabağ” hər iki matçda məğlub olsa da, özünü yaxşı tərəfdən göstərə bilib. Həmin görüşlərin üzərindən uzun müddət keçməyib. Ümid edirəm ki, təmsilçimiz bu dəfə “Bayer”lə dueldən qalib ayrılıb adını 1/4 finala yazdıracaq”.
O, hər iki oyunun ağır və maraqlı keçəcəyini maraqlı keçəcəyini söyləyib: “Bayer” özünəməxsus oyun üslubuna malik komandadır, çoxdandır məğlubiyyətlə üzləşmirlər. Həm Bundesliqada, həm də avrokuboklarda göstərdikləri nəticələr kifayət qədər yaxşıdır”.
“Qarabağ”ın Portuqaliya “Braqa”sını mübarizədən kənarlaşdıraraq tarixində ilk dəfə Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanmasını da şərh edən 52 yaşlı mütəxəssisin fikrincə, bu qələbə bütün Azərbaycan futbolunun uğurudur: “Qarabağ” hər iki qarşılaşmada – həm səfərdə, həm də evdə özünəməxsus oyun nümayiş etdirdi. Əzmkarlıq və xarakter göstərdilər. Meydanda aqressivlik var idi. Bütün bunlar “Qarabağ”ın növbəti mərhələyə adlamasının əsas açarlarından oldu. Azlıqda qalmalarına baxmayaraq, sona kimi mübarizə apardılar, vuruşdular. Lazım olan nəticəni əldə etdilər. Əslində “Braqa” çox təhlükəli və güclü komanda idi. Onların avrokubok təcrübələri “Qarabağ”dan daha çoxdur. Bununla belə, komandamız rəqibdən daha yaxşı oynadı. Hakimin qərəzi də açıq-aşkar hiss olunurdu. Futbolçularımız təkcə “Braqa”ya deyil, referiyə də qalib gəldilər. “Braqa”ya nə Portuqaliyada, nə də Bakıda öz oyunlarını göstərmək imkanı verdilər. Bunun nəticəsidir ki, dünən bütün futbol azarkeşləri tarixi qələbənin şahidi oldu”.
M.Qurbanovun sözlərinə görə, son topun müəllifi olan Nəriman Axundzadə səfərdə istifadə edə bilmədiyi qol fürsətinin əvəzini doğma meydanda on qatı ilə çıxdı: “İlk qarşılaşmadakı epizod təcrübəsizliyindən irəli gəlirdi. Nəriman hələ gəncdir. Onu dünənki oyunun əsas qəhrəmanı hesab etmək olar. Çünki çox soyuqqanlı şəkildə topu rəqib qapısından keçirməyi bacardı. Marko Yankoviç də öz növbəsində ən yaxşı oyun nümayiş etdirənlərdən biri oldu. Səfərdə məhsuldar ötürmələr etdi, doğma arenada isə meydanın mərkəzində göstərdiyi oyunla yaddaşlarda iz qoydu. O, istər müdafiədə, istər hücumda komandaya xeyir verir. Ötən gün də meydanın liderlərindən biri idi. Oyununda artım hiss olunur”.
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 7-də, cavab görüşləri isə bundan bir həftə sonra reallaşacaq.