Makronun mum heykəlindən onun ikili standartlarını simvolizə edən yerlərin qarşısında istifadə oluna bilər
Paris, 3 iyun, AZƏRTAC
Fransa və Rusiya arasında ticarəti pisləmək məqsədilə “Greenpeace” fəalları Qrevən (Grevin) muzeyindən oğurlanan Emmanuel Makronun mum heykəlini
Rusiyanın Fransadakı səfirliyinin qarşısına qoyublar.
AZƏRTAC xəbər verir ki, Fransanın Moskva ilə iqtisadi əlaqələrini davam etdirməsinə etiraz olaraq, “Greenpeace” fəalları aksiyası zamanı Rusiya səfirliyinin qarşısına “kimyəvi gübrələr”, “uran” və “qaz”ın sadalandığı lövhələrlə birlikdə Fransa Prezidenti Emmanuel Makronun mum heykəlini, eləcə də “Ukrayna yanır, biznes davam edir” yazılmış pankartı nümayiş etdiriblər.
"Bizim üçün Fransa ikili oyun oynayır" və "Emmanuel Makron bu ikili diskursu təcəssüm etdirir: o, Ukraynanı dəstəkləyir, lakin fransız şirkətlərini Rusiya ilə ticarəti davam etdirməyə təşviq edir",-deyə “Greenpeace France”ın icraçı direktoru Jan-Fransua Julyar bildirib ki, onlar xüsusi olaraq Emmanuel Makronu hədəfləyirlər, çünki o, bu vəziyyətdə xüsusi məsuliyyət daşıyır. Aksiya başa çatsa da mum heykəl hələ qaytarılmayıb.
“Greenpeace” fəalları səhər saatlarında özlərini turist kimi təqdim edən iki qadın və bir kişi Qrevən muzeyinə daxil olublar. Onlar paltarlarını dəyişərək, özlərini muzey əməkdaşı kimi təqdim edərək, təcili çıxışdan çıxaraq 40 min avro dəyərində olan heykəli muzeydən çıxarmağa nail olublar.
Qeyd edək ki, Jak Şirakın mum heykəli də 1983-cü ilin dekabrında Parisin meri olarkən Qrevən muzeyindən oğurlanıb və bir neçə gün sonra Vənsen zooparkında tapılıb.